Balaxanı - əsas problem həll olundu

16 August, 2024 12:08

Balaxanı - əsas problem həll olundu

 

Söhbət kənddəki kanalizasiya sistemindən gedir. Bu günlərdə sistem tamamilə yenilənib.

 

Xatırladaq ki, Bakı Abadlıq Xidməti beş il əvvəl - 2019-cu ilin avqustunda Balaxanıda təmir-bərpa-quruculuq işlərinə start verəndə qərara alınmışdı ki, ilk olaraq kəndin üç küçəsinə kanalizasiya xətti çəkilsin. Şəfqət küçəsində başlanan iş Mirzə Ələkbər və Dirçəliş küçələrində davam etdirilmişdi. Kanalizasiya xətti çəkildikdən sonra yollar asfaltlanmışdı.

 

Son illər Bakı ətrafında ən baxımlı kəndə çevrilən Balaxanıda artıq kanalizasiya üçün nasos stansiyası quraşdırılıb. Düz 20 küçədə 71 min paqon metr kanalizasiya xətti çəkilib. Əvvəllər bu kənddə magistral kanalizasiya xətti olmayıb. İndi kənddəki bütün evlər yeni magistral kanalizasiya xəttinə qoşulub. Bu günlərdə Hacı Soltan küçəsində neft ərazisində yüksək təzyiqli kanalizasiya xətti yenidən qurulub. Kəndin bütün kanalizasiya xətləri həmin nasosxanaya axır və oradan vahid kanalizasiya xəttinə ötürülür.

 

Kəndin mərkəzi tursitik küçələrində müasir zibil yeşikləri də yerləşdirilib. Digər 15 küçədə isə zibil konteynerləri quraşdırlıb. Əhalinin məişət tullantıları hər gün yığılıb daşınır.

 

Bakı Abadlıq Xidmətinin koordinatoru Vüsalə Səlimovadan aldığımız məlumata görə, kənddə bütün küçələrin işıqlandırması işi tamamlanmaq üzrədir. Hər yerdə divar işıqları, bralar quraşdırılıb. 

 

Bu yeniliklərlə yanaşı kənddə aparılan təmir-bərpa işləri mütəmadi davam etdirilir. Küçələrdəki rəsmlərin, dekorların rəngi solduqca, yenidən rənglənir, solğun boyalar təzələnir. Sıradan çıxan nə varsa - dam örtükləri, küçə daşları, darvazalar - təmir olunub bərpa edilir. Beləcə Abşerondakı Balaxanı - ən gözəl turistik məkan statusunu qoruyub saxlayır.

 

 

 

 

ƏN ÇOX OXUNANLAR