Cənubi Qafqazda yalnız Azərbaycanda!
Cənubi Qafqazda yalnız Azərbaycanda!
“Karcher” firmasına məxsus avadanlıqdan tarixi binaların təmizlənməsində istifadə olunacaq.
Məlum olduğu kimi, Bakının COP29-a ev sahibliyi etməsi ilə əlaqədar paytaxtın müxtəlif məkanlarında abadlaşdırma işləri aparılır.
Şəhərin mərkəzindəki qədim tikililərin, tarixi əhəmiyyətli binaların üzlük daşının səthinə vaxtilə müxtəlif növ boyaların vurulması mütəxəssislərə bərpa prosesində böyük çətinlik yaradır. Problemin həlli, eyni səthin dəfələrlə boyanmaya məruz qalmaması üçün “Bakı Abadlıq Xidməti” MMC yeni avadanlığın tətbiqini təklif edir. Bakının 28 May küçəsi 69 ünvanında ölkəyə yeni gətirilmiş avadanlığın istifadə qaydası izah edilib. Almaniya istehsalı olan, bu sahədə özünü doğrultmuş “Karcher” firmasına məxsus yeni avadanlıqla tarixi binanın fasadı üzərinə vurulmuş boyanın təmizlənməsi prosesi həyata keçirilib. Bu xüsusi avadanlıq müxtəlif abadlaşdırma işlərinə cəlb oluna bilər.
Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcud olan cihaz su və həssas təmizlik üçün nəzərdə tutulan xüsusi maddələrin qarışığını 250-500 bar təzyiqi altında tətbiq edərək təmizləmə apara bilmək xüsusiyyətinə malikdir. Dünya standartlarına uyğun hazırlanan avadanlığın iş prinsipini nümayiş etdirməkdə məqsəd onun bu kimi problemlərin həllində necə effektiv ola biləcəyini, zədələnmələri minimuma endirəcəyini, fasadların bərpasında tarixi görünüşü maksimum saxlaya biləcəyini, eyni zamanda abadlaşmada ekoloji təmizliyə üstünlük verildiyini göstərməkdir.
Hər bina özəl və həssas yanaşma tələb etdiyi üçün nümayişdən sonra peşəkarlarla bu yöndə işgüzar müzakirələr aparılıb. Bu üsulun şəhərin mərkəzində olan bənzər problemlərin həllində mütəxəssislərə yardımçı olacağı gözlənilir və ölkədə belə avadanlıqların sayının artırılması nəzərdə tutulur.