Dahilərə ucaldılan heykəllər “yenilənəcək”

23 July, 2024 17:07

Dahilərə ucaldılan heykəllər “yenilənəcək”

 

Paytaxtın abadlaşması prosesində bürünc, mərmər və qranitdən ucaldılan monumental heykəllərin bərpa və təmir edilərək əvvəlki görkəmlərinə qaytarılması nəzərdə tutulub.

 

Bir müddət əvvəl Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərdəki heykəllərin monitorinqi keçirilib. Baxış zamanı müəyyən olunub ki, bəzi heykəllərin bərpa olunmasına ehtiyac var. Bakı küləklər şəhəridir. Sərt iqlim binalar kimi heykəllərin də daim toz örtüyünə bürünməsinə səbəb olur. Qızmar günəş, yağış kimi təbii təsirlər bəzi heykəllərdə rəng dəyişməsilə nəticələnir. Xoşagəlməz çirk qatı, ləkələr heykəllərin görkəminə xələl gətirir.

 

Qərara alınıb ki, heykəllərin orijinal vəziyyətə gətirilməsi ilə ixtisaslaşmış texniki heyət məşğul olacaq. Yaxın günlərdə işə start verilib. Öncə heykəllər çirkdən təmizlənəcək, üzərlərinə xüsusi qoruyucu qat çəkiləcək. Bəzi heykəllərin postamentlərindəki dağıntılar səliqəyə salınıb bərpa olunacaq. İcraçılardan zərgər dəqiqliyi tələb edən bu ciddi iş zamanı dünyada qəbul edilmiş xüsusi materiallardan və restavrasiya üsulundan istifadə ediləcək. Bu zaman heykəllər heç bir fiziki təsirə məruz qalmaycaqlar.

 

Mirzə Ələkbər Sabir, Həzi Aslanov, Cəfər Cabbarlı, Nizami, Məhəmməd Füzuli, Qara Qarayev, Rixard Zorge, Hüseyn Cavidin heykəlləri də daxil olmaqla ümumilikdə Bakıda 20-yə qədər abidə bərpa olunacaq.

 

 

ƏN ÇOX OXUNANLAR