Gəncə nə gözəldir!
Ötən ildən etibarən Gəncə addım-addım, hissə-hissə gözəlləşir. Bakı Abadlıq Xidmətinin peşəkar komandası tərəfindən həyata keçirilən genişmiqyaslı təmir-quruculuq işləri növbəti mərhələyə qədəm qoyub. Hazırda şəhərdə abad məhəllələrin salınmasına və mövcud parkların yenidən qurulmasına xüsusi diqqət ayrılır.
Yenidən qurulan parklardan biri də Abbas Səhhət və Cəfər Cabbarlının heykəllərinin yerləşdiyi, Gəncəçayın sahilində yerləşən parkdır. Uzun illər baxımsız vəziyyətdə qalan bu ərazidə əsaslı yenidənqurma işləri aparılıb.
Ərazi elə bərbad vəziyyətdəydi ki, təmirə dərhal başlamaq mümkün olmayıb. Əsaslı quruculuq işinə başlamazdan əvvəl çay sahilində geniş təmizlik aksiyaları və iməciliklər təşkil olunub. Bu işə Gəncə sakinləri canla-başla qoşulublar. Sonra isə meydan verilib peşəkarlara. Hazırda parkın ərazisində yeni piyada yolları salınır, həmçinin bütün parkı əhatə edəcək velosiped zolağının çəkilməsi nəzərdə tutulur. Parkın yaşıllıq sahələri yenilənəcək, müasir standartlara cavab verən idman qurğuları və idman meydançaları yaradılacaq.
Layihənin yay aylarının sonu – payızın əvvəllərində başa çatdırılması planlaşdırılır.
Sakinlərin rahatlığının artırılması məqsədilə şəhərin mərkəzi prospekt və küçələrinin ətrafında yerləşən həyətlərdə də abad məhəllə layihələri həyata keçirilir. Hazırda ondan artıq məhəllədə tikinti və yenidənqurma işləri sürətlə davam edir.
Layihə çərçivəsində məhəllələrə baxan yaşayış binalarının fasadları təmir olunur, həyətlərdə abadlaşdırma və yenidənqurma işləri aparılır. Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni məkanlar yaradılır, söhbətgahlar qurulur, uşaqlar üçün əyləncə yerləri və idman meydançaları quraşdırılır. Piyada yolları salınır, avtomobillərin saxlanılması üçün parkinq yerləri nəzərdə tutulur və ərazilərə yeni asfalt örtüyü vurulur.
Gəncə məhəllələrində yerləşən mərasim evlərinin də vəziyyəti diqqətdə saxlanılır. İmkan daxilində onların təmirinə dəstək göstərilir. Nəzərdə tutulub ki, ərazilərin işıqlandırılması təmin ediləcək, yaşıllıq sahələri üçün müasir suvarma sistemləri qurulacaq.
BAX yalnız şəhərin özündə yox, ətraf kəndlərdə, həmçinin ərazinin ən məşhur turizm mərkəzi olan Göygölə doğru gedən yolda da təmir-quruculuq işləri aparır. Xatırladaq ki, bu yol Gəncənin əsas turizm marşrutudur.
Təbiəti, yaşıllığı və bol sulu çayı ilə turistlərin ən çox üz tutduğu məkanlardan biri olan Toğanalıda əsaslı təmir işləri gedir.
Kənddəki evlərin dam örtükləri dəyişdirilib, köhnə hasarlar sökülərək yeniləri tikilib. Kəndin siması tamamən dəyişib, bu gözəllik insanların əhvalına da müsbət təsir edir.
Abadlıq işləri çərçivəsində yerli sahibkarlara da dəstək göstərilir. Xüsusilə kiçik biznes fəaliyyəti ilə məşğul olan sakinlər üçün yeni imkanlar yaradılır - fərdi məkanlar təmir olunur, zəruri avadanlıqla təmin olunur, adi iaşə obyektləri cəlbedici turist məkanlarına çevrilir.
Abadlıq xidməti tərəfindən mənzərəli bir ərazidə yerli sakinlərin öz məhsullarını və əl işlərini təqdim etmələri üçün xüsusi satış məkanı da yaradılıb. Bu təşəbbüs yerli sənətkarlığın inkişafına da töhfə verəcək.
Həyata keçirilən abadlıq layihələri Toğanalı kəndinin turizm potensialını daha da artırmaqla yanaşı, yerli sakinlərin rifahının yüksəlməsinə və yeni iqtisadi imkanların yaranmasına da şərait yaradır.
Bir sözlə, Gəncə və Gəncə ətrafı ərazilər gün-gündən gözəlləşir. Xüsusən yay mövsümündə məkanların abadlaşması həm yerli və xarici turistlərin, həm də yerli sakinlərin ürəyincədir.
Düz doqquz yüz il əvvəl Şeyx Nizami Gəncəvinin Bərdəyə xitabən yazdığı misraları bu gün böyük mütəfəkkirin vətəninə baxıb ürəklə demək olar - Gəncə nə gözəldir!

