İslamabad abadlaşır

12 June, 2025 13:06

Bir il əvvəl Azərbaycan və Pakistan iqtisadi iş birliyi çərçivəsində nəzərdə tutulan maraqlı layihələrdən biri - paytaxt İslamabadın Bakı nümunəsi əsasında abadlaşdırılması layihəsi “Bakı Abadlıq Xidməti” MMC-yə həvalə edildi. O vaxtdan şirkətin aparıcı mütəxəssisləri, peşəkar əməkdaşları qardaş ölkəyə işgüzar səfərə yollandılar. Kağız üzərində işarələnən ideyalar həyata keçməyə başladı. Ötən aylar ərazidə aparılan sürətli təmir-bərpa və yaşıllaşdırma işləri indi də uğurla davam edir.

 

Bu günədək İslamabad Konqres Mərkəzinin ətrafındakı 22000 kvadrat metrlik ərazidə təmir-bərpa işləri aparılıb. Modern üslubda dizayn elementlərindən istifadə olunub.

Şirkətin Bakıda və ətraf kəndlərdə, həmçinin Laçında, Xocalıda, Gəncədə uğurla həyata keçirdiyi yaşıllaşdırma təcrübəsi İslamabadın müəyyən hissələrini də yaşıllığa qərq edib. Təkcə Konqres mərkəzində 25000 ədəd dekorativ bitki, gül və ağac əkilib. Fəvvarələr quraşdırılıb, abidələr ucaldılıb. Piyada yolları bərpa edilib.

 

15 min əhalinin yaşadığı Səidpur kəndindəki fəaliyyət isə Balaxanıda görülən işlərin davamıdır. Səidpurda bina və tikililərin 160000 kvadrat metrlik fasadı bərpa edilərək rənglənib. 550-dən çox evin dam örtüyü dəyişdirilib. Kəndə kanalizasiya sistemi çəkilib. Məscidin ətrafındakı bağ abadlaşdırılıb.

 

Səidpurdan keçən Nallah çayının hövzəsi təmizlənib.  Piyada yolları, keçidlər, məhəccərlər yenilənib.

Kəndin siması tamamilə dəyişdirilib. Bu gedişlə bu tarixi kəndə böyük turist axınının olacağı gözlənilir. Bunun üçün artıq hər şərait yaradılıb - yeni mağazalar, kafelər, əyləncə mərkəzləri, istirahət zonaları istifadəyə verilib.

 

İndən belə İslamabad sakinlərinin də öz “Torqovaya” küçələri olacaq. Bakının mərkəzi Nizami küçəsinin pakistanlı oxşarı - Melody Food Park şəhər əhalisinin və qonaqların əyləncə və istirahət məkanına çevriləcək.

 

Melody Food Parkın yol örtüyü tamamilə yenilənib. 14000 kvadrat metrlik əraziyə mərmər və travertin döşənib, 716 metrlik yola asfalt çəkilib. 1500 metrlik su xətti çəkilib.

Bina və tikililərin 36000 kvadrat metrlik fasadı rənglənib. İqlim şəraitini nəzərə alaraq parkdakı istirahət mərkəzlərində müasir sərinləşdirici sistemlər quraşdırılıb.

 

Nəhayət, Bakını bir çox dünya şəhərlərindən fərqləndirən və üstün tutan əsas cəhət - şəhər mərkəzi ilə hava limanını birləşdirən əsas magistral yol nümunəsi İslamabadda da tətbiq olunub. Analoji Srinaqar şossesi artıq eynən Bakının aeroport yolu kimi abad, yaşıl və işıqlıdır. Magistral boyunca yaşıllaşdırma işləri aparılıb. Yoldakı 200 ədəd işıq dirəyi bərpa olunaraq rənglənib.

310 kvadrat metrlik ərazidə körpü, yol ötürücüləri və yol kənarlarının fasadları bərpa olunaraq rənglənib. Yol boyu 46800 ədəd dekorativ bitki, ağac və gül əkilib.

 

Bunlar “Bakı Abadlıq Xidməti”nin Pakistan layihəsində bugünəcən görülmiş işlərdir. Xatırladaq ki, layihələrin icrasına pakistanlı sənətkarlar da cəlb olunub. Bu isə İslamabadda yeni iş yerlərinin açılmasına səbəb olub.

Şirkətin Pakistandakı fəaliyyəti nəticəsində İslamabadın siması dəyişməkdədir. Yerli əhalinin rəğbətlə qarşıladığı bu yeniliklər xalqlarımız arasında dostluq və mehribanlığı birmənalı şəkildə artıracaq.

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR