Xocalıda yeni iş yerləri
Xocalıda yeni iş yerləri
Abadlaşan Xocalının əsas məkanlarından biri Sənətkarlar məhəlləsi adlanır. Yanaşı fəaliyyət göstərən 5 mərkəzə öyrənmək həvəsi və yaratmaq eşqiylə gələnlər bir müddət sonra, heç şübhəsiz, əsl sənətkara çevriləcəklər.
“Sariban” peşə inkişaf mərkəzinin Xocalı filialında sakinlər müxtəlif peşələr öyrənəcək, master-klaslardan faydalanacaq, bacarıqlarını təkmilləşdirəcəklər. Rəssamlıqla yanaşı tətbiqi-dekorativ sənət növləri, vitraj sənəti, ümumiyyətlə xalq yaradıcılığı üzrə təlimlər, həmçinin mentorluq proqramı da həyata keçiriləcək. Yəni Xocalı sakinləri öyrəndikləri sənət sirlərini başqalarına da öyrədəcəklər.
Sənətkarlar məhəlləsindəki digər mərkəz - “Nakhishli” tikiş atelyesi - dərzilik və toxuculuğa meyl edən insanların ixtiyarına veriləcək.
İlk olaraq Balaxanıda fəaliyyətə başlayan “Gilabi Ceramics”in bir emalatxanası da artıq Xocalıda fəaliyyət göstərir. Laçında olduğu kimi burada da xüsusi istedadı olan gənclər bu maraqlı sahədə özlərini sınayır, peşənin sirlərini öyrənəcəklər. Sonucda əsl sənət əsərləri yaranacaq.
Başqa bir sənət də taxta emalı emalatxanasında təlim olunacaq. Burada gənclər bitkiçilikdə istifadə olunan dibçəklər, güldanlar, dekorlar hazırlayacaqlar.
Sənətkarlar məhəlləsindəki beşinci mərkəz tamamən fərqli müəssisə olacaq. Üç ilə yaxın fəaliyyət göstərən “AzeRobot Education”un Xocalı filialı sayca doqquzuncudur. Digər filiallarda olduğu kimi burada da gənclərə proqramlaşdırma, mühəndislik və robototexnika üzrə təlimıər keçiriləcək.
Azyaşlı uşaqlara, şagirdlərə və gənclərə IT dərsləri veriləcək. “AzeRobot Education”da süni intellekt, kibertəhlükəsizlik, proqramlaşma və sair kimi on yeddi modul var, yəni gənclər burada ən müasir və ən vacib biliklərə yiyələnəcəklər.
Cəmi 8 aya bərpa edilib doğma sakinlərinə təhvil verilən Xocalıya ötən ay 24 ailə 88 nəfər köçürüldü. 32 ildən sonra Xocalıya həyat qayıtdı - yeni sivil şəhər yeni ritmlərə kökləndi. Sənətkarlar məhəlləsi Qarabağda həyata keçirilən böyük quruculuq işinin kiçik bir hissəsidir. Bakı Abadlıq Xidmətinin yönləndirdiyi proses ərazidə müasir şəhərlərin salınmasına, mədəni köklərimizin bərpasına, yeni iş yerlərinin açılmasına, bütövlükdə inkişafa xidmət edir.