Laçın şəhərinə təmənnasız xidmət

“Bakı Abadlıq Xidməti”nə bağlı qurum olaraq, Laçın şəhərində tikinti-bərpa, eyni zamanda təmizlik işlərini həyata keçirən “Laçın Abadlıq Xidməti” ilin son aylarında şəhərdə növbəti dəfə əsaslı təmizlik işləri aparılıb. 30 il həm işğala, həm də ekoloji terrora məruz qalan Laçın tamamilə kol-kosdan təmizlənib, həmin ərazilərdə çox sayda meyvə ağacları əkilib. Məqsəd şəhərin əvvəlki yaşıllığını geri qaytarmaqdır. Laçın kəndlərindən gətirilən ağaclar həm iqlimə uyğundur, həm də barlı bərəkətlidir, tezliklə laçınlılar bu ağacların meyvələrindən də dada biləcəklər.
Ağacəkmə günü keçirilən rəsmi tədbirdə ölkə Prezidentinin Laçındakı xüsusi nümayəndəsi Məsim Məmmədov söyləyib ki, şəhər azad olunandan sonra 7 ay müddətində yeni bir şəhər quran Bakı Abadlıq Xidməti günü bu günə qədər şəhərdəki təmizlik və abadlıq işlərini təmənnasız olaraq yerinə yetirir.
“Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev deyib ki, üzümüzə gələn il Laçın beynəlxalq miqyaslı bir çox tədbirlrə ev sahibliyi edəcək. Sözügedən aksiyanı həmin tədbirlərə hazılıq mərhələsinin yekunu hesab etmək olar. Çıxışçı həm də bildirib ki, şəhərin işğala qədərki gözəl simasını geri qaytarmaq indi hər bir şəhər sakininin borcu və vəzifəsidir. Hər kəs öz evində, öz küçəsində, öz məhəlləsində təmizliyin qeydinə qalsa, səliqə-sahmanı qorusa Laçın qonaqları gülər üzlə qarşılaya biləcək. İndi əkilən meyvə ağacları, şübhəsiz, bu yaz çiçək açacaqlar, əsrarəngiz dağlar şəhərinin siması daha da gözəlləşəcək.